“Vergilər uşaqların gözü ilə” ənənəvi rəsm müsabiqəsi keçirilib

 

Dünən Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Vergilər NazirliyininTofiq İsmayılov adına Uşaq–Gənclər Yaradıcılıq Sarayının Rəsm Qalereyasının təşkilatçılığı ilə “Vergilər uşaqların gözü ilə” adlı rəsm müsabiqəsi keçirilmişdir. “Vergilər uşaqların gözü ilə” devizi altında və inşa müsabiqəsində 5–8, 9–12 və 13–17 yaş kateqoriyalarına aid olan məktəblilər iştirak edir və vergilər barədə aldıqları bilikləri kağız üzərinə köçürürlər.

Tədbiri T.İsmayılov adına Uşaq–Gənclər Yaradıcılıq Sarayının direktoru Bədayə Ramazanova açmış, rəsm müsabiqəsinin əhəmiyyəti barədə danışmışdır. Qeyd edilmişdir ki, müsabiqəyə təqdim olunmuş əsərlərdə formalaşan kiçik təsəvvürlər gələcək üçün böyük təməldir və cəmiyyətin mühüm zümrəsi olan gənc nəsildə vergi mədəniyyətinin və vergi biliklərinin formalaşmasına xidmət edir. Builki müsabiqə 2013– ilin aprel ayından start götürmüş, 250–dən çox rəsm nümunəsi və inşalar münsiflər heyəti tərəfindən dəyərləndirilərək qaliblər müəyyən olunmuşdur.

Vergilər nazirinin müşaviri Ələkbər Məmmədov çıxış edərək bildirmişdir ki, gənc nəslin nümayəndələri arasında vergi mədəniyyətinin aşılanması, cəmiyyətdə vergilərin könüllü ödənilməsi prinsiplərinin təbliğ olunması Vergilər Nazirliyinin vergi ödəyicilərinə xidmət sahəsində gördüyü işlərin mühüm hissəsidir. Belə rəsm müsabiqələri uşaqların dövlətçilik haqqında anlayışlarının genişlənməsinə, vergilərin ictimai həyatda oynadığı rol haqqında onlarda müəyyən təsəvvürlərin formalaşmasına imkan yaradır. Tədbirin keçirilməsində əsas məqsəd vergilər haqqında anlayış və bilikləri uşaqların başa düşəcəyi təsvirlər vasitəsilə gələcəyin vergi ödəyiciləri olan gənclərə çatdırmaqdan ibarətdir.

Hər il müsabiqədə iştirak etmiş rəsm əsərləri nəfis albom şəklində nəşr edilir və Vergilər Nazirliyinin qatıldığı sərgi və tədbirlərdə nümayiş olunur. Mükafata layiq görülmüş rəsm əsərlərinin çoxu hazırda Vergilər Nazirliyinin inzibati binasının divarlarını bəzəyir və builki müsabiqədə iştirak edən əsərlərin ən yaxşılarından da bu məqsədlə istifadə ediləcək.

Sonra rəsm və inşa üzrə builki müsabiqənin qalibləri elan edilmiş, münsiflər heyətinin üzvləri tərəfindən onlara diplom və hədiyyələr təqdim olunmuşdur. İnşa müsabiqəsində Rəsulova Nigar 1–ci, Səfərova Gülşən 2–ci, Şamilzadə Cavanşir 3– yerə, rəsm müsabiqəsində isə 5–8 yaş qrupu üzrə İsmayılova Duyğu 1–ci, Ağayeva Qəmər 2–ci, Qasımova Zəhra 3– yerə, 9–12 yaş qrupu üzrə Cəfərzadə Məhbubə 1–ci, Anzurov Fuad 2–ci, Musayeva Aytən 3– yerə, 13–18 yaş qrupu üzrə Anzurova Fidan 1–ci, Əliyeva Nərmin 2–ci, Məlikova Nailə 3– yerə layiq görülmüşlər.

 

Ü.QARAYEV,

 

Respublika.-2013.-1 iyun.-S.11.